Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun Trend-ə müsahibəsi
- Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Din Azadlığı Komissiyasının 2022-ci il üzrə hesabatında Azərbaycanda “Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununa 2022-ci ildə edilmiş dəyişikliklər, o cümlədən din xadimi təyinatının Dövlət Komitəsinin səlahiyyətləri sırasına daxil edilməsi, əqidəyə görə həbsələrin aparılması, qeyri-müsəlman dini icmaların dövlət qeydiyyatına alınmaması və dini etiqadı yol vermədiyi halda Yehovanın şahidlərinin xidmətə aparılması ilə bağlı fikirlərlər öz əksini tapıb? Oxşar fikirlər bir neçə gün öncə ABŞ Dövlət Deportamentinin 2022-ci il üzrə Beynəlxalq Din Azadlığı hesabatının Azərbaycan hissəsində də yer verilib. Sizcə qeyd edilənlər Azərbaycan reallıqlarına uyğundur? Ölkəmizdə dini vəziyyət əslində necədir?
- ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının, eləcə də, Dövlət Deportamentinin hesabatlarındakı pozuntu kimi təqdim edilən hallar Azərbaycanın dini etiqad azadlığının mövcud vəziyyətini əks etdirmir. Həmin hesabatlarda bəzi məqamların araşdırılmadığı, müstəqil olmayan və ənənəvi olaraq Azərbaycan əleyhinə məlumatlar yayan mənbələrdən istifadə edildiyi, bəzən isə hadisələrə məqsədli şəkildə yalnış izahatlar verilməsi diqqəti cəlb edir. Bu hesabatların obyektivliyinə ciddi xələl gətirir, ümumiyyətlə, onların hazırlanmasında ifadə edilən məqsəd və məramlara qətiyyən uyğun gəlmir. Məsələn, 2022-ci ilin fevral ayında Milli Məsclisinin deputatlarının təşəbbüsü ilə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə edilmiş dəyiliklik və bunun nəticəsində İslam dininə aid yerlərə din xadimi təyin edilməsinin Dövlət Komitəsinin səlahiyyətinə verilməsini dini etiqad azadlığının məhdudlaşdırılması və dövlətin dinə müdaxiləsi kimi təqdim olunub. Halbuki, həmin dəyişiklik layihəsi geniş ictimai müzakirəyə çıxarılıb və ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda, Qafqaz Müsalmanları İdarəsi Qanuna olunmuş dəyişiklikləri dəstəklədiyinə dair bəyənat vermişdir.
Dəyişiklikliyin Konstitusiyaya zidd olması ilə bağlı iddiaya gəlincə, hüquqşünaslar və mütəxəssislər tərəfindən bu iddalar əsassız sayılır. Çünki, “Dini etiqad azadlığına haqqında” Azərbaycan Respublikası Qanununa görə din xadimləri yenə də dini məsələlərdə QMİ-yə tabedirlər. Eyni zamanda, dini icmaların dövlət qeydiyyatına alınması, onların təsisçilərinin sırasında dəyişikliklərin edilməsi proseduru sadələşdirilmişdir. Artıq müsəlman icmalardan bunun üçün dini mərkəzlərindən təqdimat alınması tələb olunmur.
Hesabatlarda iddia edilir ki, dini icmaların, xüsusilə də xristian dini icmalarının dövlət qeydiyyatına alınmasında problemlər, məhdudiyyətlər var. 2022-ci ildə qeydiyyatdan keçmiş dini icmaların İslam dininə aid olmasının və bölgələrdə xristian dini icmaların sayının az olmasını qabaratmaqla Azərbaycanda bu sahədə ayrı-seçkiliyin olması görüntüsü yaratmağa çalışmışlar. Həqiqət isə ondan ibarətdir ki, ötən il qeydiyyatdan keçmək üçün Dövlət Komitəsinə xristian icmaların müraciəti daxil olmayıb və müraciət etmiş bütün dini icmalar dövlət qeydiyyatına alınıb. Həmçinin, Dövlət Komitəsi tərəfindən ölkədəki dini konfessiyaların nümayəndələrinə dövlət qeydiyyatından keçmək üçün tövsiyyələr verilib. Bölgələrdə qeydiyyatdan keçmək üçün Qanunun tələbəni yerinə yetirə bilməyən, yəni 50 nəfərdən az üzvü olan xristian icmalara öz əqidədaşlarının qeydiyyatdan keçmiş icmaları ətrafında birləşmələri və sərbəst fəaliyyət göstərmələri tövsiyyə edilib.
Yehovanın şahidlərindən olan şəxslərin hərbi xidmətə cəlb edilməsi məsələsinə gəlincə, Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı maddəsinə görə vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda bu xidmətin alternativ xidmətlə əvəz olunması təsbit edilib. Lakin Azərbaycanın Ermənistanla müharibə şəraitində olması və Azərbaycan Silahlı Qüvvələrinin sıravi heyətinin müddətli hərbi qulluqçulardan təşkil edilməsi səbəbindən alternativ xidmətlə bağlı müvafiq qanunun qəbul edilməsi mümkün olmamışdır. Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən qanuni əsas olmadan hərbi xidmətdən yayınmağa, yəni növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırmağa görə cəza müəyyənləşdirilmişdir.
Nəzərinizə çatdırmalıyam ki, 2022-ci ilin sentyabrında Goranboy rayon məhkəməsi tərəfindən həbs edilmiş Yehovanın şahidi Seymur Məmmədov Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə 1 il sınaq müddəti ilə şərti cəza tətbiq edilərək məhkəmə zalından azad olunub. Bununla da, yeni hüquq sahəsində president yarandı. Eyni zamanda, bu fakt göstərir ki, hansısa icmaya qarşı sistematik siyasət deyil, qanunvericiliyin tələbi tətbiq olunur.
- Hesabat üzərində xüsusi dayanılan məsələlərdən biri də MBH-nin rəhbəri Tale Bağırov, özünü bu hərakatın üzvləri sayan şəxslərin, həmçinin Sərdar Babayevin məsələsidir. Onlar “dini fəal” və “vicdan məhbusu” adlandırılır. Həmin həbslərə bu cür yanaşma nədən qaynaqlanır?
- Son dövrlərdə Azərbaycanda müxtəlif ittihamlarla həbs olunan şəxslərin dini əqidəsinin qabardılması, bununla da cəmiyyətdə dini-siyasi mübarizənin olması təəssüratının yaradılması meyilləri artmışdır. Artıq mütəmadi olaraq, müəyyən qüvvələr şəxslərin həbs olunanadək aktiv dini fəaliyyətlə məşğul olduğuna dair məlumat olmadığı halda, cinayət məsuliyyətində cəlb olunan kimi dini əqidələri ilə bağlı informasiyalar – ibadət etmələrini, hansısa ziyarətgahda çəkilmiş şəkillərini yaymağa, ajiotaj yaratmağa çalışırlar.
Oxşar ssenarini 2022-ci ildə yayında Tale Bağırovun elan etdiyi açlıq aksiyası zamanı da gördük. Heç bir dəlil-sübut olmadan “Polis Allahı təhqir edib” xəbəri yayaraq cəmiyyətin həssaslıqla yanaşdığı məsələdən sui-istifadə etməyə çalışdılar. Rəsmi qurumların bu xəbərin əsassız olduğu barədə açıqlamalarına, hətta hadisənin birbaşa iştirakşısı olduğu deyilən şəxsin belə deyilənləri təkzib etməsinə baxmayaraq, Azərbaycanda, Rusiya, İran və Gürcüstandakı diplomatik nümayəndəliklərimiz qarşısında aksiyalar keçirməyə cəhd etdilər. Bütün bunlar həmin təxribatların xaricdən idarə edildiyini, ölkəmizdə dini zəmində qarşıdurma yaradaraq sabitliyi pozmaq istəyən xarici qüvvələrin mövcudluğunu göstərdi.
Bildirməliyik ki, din adı altında dindən siyasi məqsədlər üçün istifadə edərək Azərbaycana təzyiq göstərməyə çalışan təxribatçı qüvvələr həbs edilmiş şəxslər haqqında “əzabkeş” və “qəhrəman” obrazı yaratmağa, “dini fəal”, “vicdan məhbusu” və digər adlar verməklə cəmiyyətimizdə dini və siyasi qarşıdurma salmağa cəhd edirlər. Görünür həmin təxribatçı qüvvələrlə Qərb institutlarının, xüsusilə də ABŞ-ın adı qeyd edilən təşkilatlarının maraqları üst-üstə düşür. Əks halda, “dini fəal” və “vicdan məhbusu” adlı siyahıları hazırlanarkən istinad edildiyi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il 1900 saylı Qətnaməsində təsbit edilmiş meyarlara əsaslanardılar. Həqiqət isə ondan ibarətdir ki, Azərbaycan Respublikası Konstitusiyasına görə dini mənsubiyyət heç kəsi məsuliyyətdən azad etmir, həmçinin də heç kim əqidəsinə görə həbs olunmur.
Sərdar Babayevin həbsi və ona qarşı olan dövlətə xəyanət ittihamı ilə bağlı məsələ barəsində bu gün hansısa fikri səsləndirmək doğru deyil. Hazırda bu məsələ ilə bağlı məhkəmə prosesi davam edir. Məhkəmə iclaslarının tarixi əvvəlcədən elan edilir və ictimaiyyət nümayədələri üçün açıq olur.
- Hesabatlarda, xüsusilə də ABŞ dövlət departamentinin hesabatında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, eləcə də Naxçıvanda erməni abidələrinin məqsədli şəkildə məhv edilməsi iddia olunur. Son illərdə yalnız ABŞ və digər Qərb institutlarının hesabatlarının bu məsələyə geniş yer ayırdığını, əsasən, Azərbaycana qarşı qərəzli mövqeyini görürük. Belə münasibət nədən qaynaqlanır?
- Doğru qeyd edirsiniz. Biz 2020-ci ilədək olan hesabatlara nəzər yetirsək, onlarda Azərbaycandakı, xüsüsilədə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərimizdəki tarix-mədəniyyət və dini abidələrlə bağlı hansısa məlumata rast gəlmərik. Baxmayaraq ki, Azərbaycan dövləti həmişə həmin ərazilərdəki xalqımıza məxsus tarix-mədəniyyət və dini abidələrə qarşı erməni silahlı birləşmələri tərəfindən vandalizm aktlarına məruz qalması ilə bağlı dünya ictimaiyyətinə çağırışlar etmişdir. Hətta məscidlərimizin heyvan saxlama yerlərinə çevirilməsi, onların yarasız vəziyyətə salınması, təmir adı altında özgəninkiləşdirilməsi, qədim Azərbaycan dövləti olmuş Qafqaz Albaniyası irsinə aid abidələrin erməniləşdirməsi, müsəlman qəbiristanlıqlarında insan qalıqlarına qarşı təhqiramiz hərəkətlərə yol verilməsi və bu kimi hallar barədə sübutlar təqdim etmişdir.
2020-ci ildə 44 günlük müharibədən sonra vəziyyət tamamilə dəyişdi. İşğalın bitməsilə buradakı abidələrin, o cümlədən dini məbədlərin vəziyyəti, onların necə xarabalığa çevrilməsi gerçəkliyi öz təsdiqini tapdı. Təkcə onu demək kifayətdir ki, 67 məsciddən yalnız 2-si yararlı vəziyyətdə idi. Qalanları isə Ermənistan silahlı birləşmələri tərəfindən tamamilə dağıdılmışdır. Amma hələ dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların buna obyektiv araşdırılması niyyətini müşahidə etməmişik. Baxmayaq ki, işğal dövründə tarix-mədəniyyət və dini abidələrə qarşı törədilmiş vandalizm aktlarının şəffaf və obyektiv qiymətləndirilməsi məqsədilə Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlara, xüsusilə də UNESCO-ya çağırışlar etmişdir. Lakin bu çağırışlar hələ də bu cavabsız qalmışdır.
- Sizcə Azərbaycana qarşı belə münasibəti kökündə nə durur?
- Azərbaycan qarşı mövqenin kökündə əsasən hegemon qüvvələrin siyasi maraqları dayanır. Onların bəziləri insan hüquq və azadlıqlarının müdafiəçisi, bəziləri də dini qoruyucu adı altında digər ölkələrin daxili işlərinə qarışmaqda maraqlıdırlar. Bizim ölkəyə qarşı isə bunların hər ikisi mövcuddur. Əslində onlar öz maraqlarını təmin etməyə çalışırlar. Düşünürəm ki, insan hüquq və azadlıqları, eləcədə din adı altında digər ölkələrin daxili işlərinə müdaxilə edilməsi yolverilməzdir. Belə davranışlar bu gün dünyada sülh və əmin-amanlığa ən böyük təhlükədir.
Eyni zamanda, Azərbaycan əleyhinə kampaniyalarda erməni lobbisi aktiv şəkildə iştirak edir. Hesabatlarda Azərbaycanla bağlı iddiaların mənbəyi kimi ABŞ-ın Kornel Universitetinin, əslində isə “Ümumerməni Xeyriyyə İttifaqı”, “Aragats Fondu” kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən üç radikal milliyyətçi erməni müəllifin (L.Xaçaturyan, H.Qulyan, S.Bokçeriyan) yazdıqları “informasiya”nın, daha doğrusu şər və böhtanın əsas götürülməsi onun mahiyyətini bir daha sübut edir.
Hesabatların müəlliflərinin nəinki Azərbaycan, dünyadan məlumatsızlığı təəccüb doğurmaya bilməz. Pandemiyaya görə Səudiyyə Ərəbistanı tərəfindən həcc ziyarəti ilə bağlı tətbiq olunan 65 yaş məhdudiyyətinin Azərbaycanla əlaqələndirilməsinin məqsəd və məramını almaqda ağıl çarəsiz qalır. Təbii ki, bu da hesabatları hazırlayanların peşəkalığına və obyektivliyinə şübhələri artırır.
Burada digər bir məsələyə diqqət yetirməyinizi istəyirəm. ABŞ-lı hüquq müdafiəçilərinin məlumatlarına görə, 2021-ci ildə ABŞ-da dini dözümsüzlük zəminində yəhudi və müsəlmanlara qarşı törədilmiş 1005 cinayət faktı qeydə alınıb. Eləcə də 2022-ci ildə 6720 müsəlman dini ksenofobiyaya məruz qalıb. Anti-İslam əhval-ruhiyyəsinin artması 28%-ə, yəni həyəcanverici həddə çatıb. Amerika reallıqlarının kiçik bir hissəsini əks etdirən bu statistika qarşısında bu sualı verməmək mümkün deyil: Hansı haqla dünyaya demokratiya və hüquq dərsi keçirsən?
ABŞ belə qondarma və birtərəfli hesabatlar vasitəsilə digər ölkələrə təzyiqlər etmək məqsədini güdür. Təsadüfi deyil ki, hesabat radikallıq, dini və irqi ayrseçkiliyin genişləndiyi ABŞ-n özünü diqqətdən kənarda qoyur.
- Reallıqda Azərbaycanda dini vəziyyət necədir? İnsanların dini etiqad azadlığı necə qorunur?
- Azərbaycan kifayət qədər həssas regionda yerləşir. Müqstəqilliyini bərpa etdiyi dövrdən etibarən xarici dini-siyasi dairələr ölkəmizdə radikal və ekstremist fikirlərin yayılmasında və ideyalarının daşıyıcıları olan qrupların yaradılmasında maraqlı olublar. Hətta, İranda Azərbaycan Respublikasının vətəndaşlarından ibarət "Hüseyniyyun" adında silahlı birləşmənin yaradılması ilə bağlı açıq informasiya mövcuddur. Özlərini bu təşkilatın rəhbərləri kimi təqdim edən şəxslər radikal niyyətlərini gizlətmirlər: Azərbaycan dövlətini hədələyir, Azərbaycanın konstitusion quruluğunu dəyişdirəcəkləri və “Kərimə” dövlət quracaqları, bunun üçün hər vasitədən, eləcə də silahlı mübarizədən də istifadə edəcəklərini açıqlayırlar. Bütün bunlar bizdən ölkəmizdə sabitliyə və təhlükəsizliyimizə dini sahədən təhdidlərin olmasını inkar etməməyi, din pərdəsi altında ölkəmizdə sabitliyi pozmaq istəyən, gənclərimizi silahlı, qanlı münaqişələrə cəlb edənlərin qarşısında ayıq-sayqılığımızı qorumağımızı tələb edir.
Bu gün Azərbaycan dövlətinin, o cümlədən Dövlət Komitəsinin qarşısında duran əsas vəzifə hüququn aliliyi prinsipi əsasında insanların dini etiqad azadlığını təmin edilməsidir. Bu azadlığın təmin edilməsində dini sahədən insanların hüquq və azadlığını, həmçinin ictimai və dövlət təhlükəsizliyinə yönəlmiş təhdidlərin qarşısının alınması mühüm məsələdir.
Qey etmək istəyirəm ki, Azərbaycanda dini sahədə, insanların dini etiqad azadlığının təmin edilməsində hər il yeniliklər baş verir. Qanunvericilik bazası təkmilləşdirilir, dini icmaların fəaliyyətinə dəstək verilir. Bildiyiniz kimi hər il cənab Prezident İlham Əliyev tərəfindən rəsmi qaydada ölkədəki dini konfessiyalara maliyyə yardımı ayrılır ki, bu yardımın əhatə dairəsi bütün dini icmalara, o cümlədən 37 qeyri-müsəlman icmasına şamil edilir. Heydər Əliyev Fondu tərəfindən tarixi-mədəniyyət abidələri bərpa olunur, yeni ibadət ocaqları inşa edilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bölgələrə səfər edərkən mütləq həmin ərazidə yerləşən dini ibadət yerlərini ziyarət edir, dindarlarla söhbətlər edir, onları dinləyirlər.
Eyni zamanda dövlət başçısı tərəfindən işğaldan azad olunmuş ərazilərdəki dini abidələri xüsusi nəzarətə götürülmüşdür. İstisnasız olaraq, həmin ərazilərdə yerləşən dini ibadət ocaqlarının bərpası üçün göstəriş verilmişdir. Artıq Şuşada dağıldılmış bəzi məscidlər, kilsələr bərpa edilmişdir.
Həmçinin, bildirməliyik ki, necə illərdir ki, din xadimlərinə dövlət tərəfindən maddi yardımlar olunur. Onların sosial layihələri maliyyələşdirilir. Onlarla birgə konfranslar təşkil edilir. Məsələn, cari ilin mart və may aylarında Bakı şəhəri Bibliya Cəmiyyəti dini icması tərəfindən dini konfessiyaların nümayəndələrinin Quba və İsmayıllı rayonlarına səfərləri təşkil olunub. Belə səfərlər icmalar arasında dostluq və mehribanlıq münasibətlərini möhkəmləndirir.
Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin inkişaf etdirilməsində dünyaya yayılmasında mühüm işlər görülür. Bu məqsədlə Dövlət Komitəsi tərəfindən ötən il Vaşinqtonda “Qlobal sülh və təhlükəsizlik naminə dinlərarası harmoniya” və Brüssel şəhərində “Daha təhlükəsiz dünya naminə dinlərarası və mədəniyyətlərası dialoqun təşviqi” adlı konfranslar təşkil olunub. Beynəlxalq institutlarla, o cümlədən ABŞ-ın adı çəkilən təşkilatları ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir, onların rəhbərləri və mütəxəssisləri ilə müxtəlif səviyyələrdə görüşlər keçirilir və müzakirələr aparılır. Fürsətdən istifadə edərək, bir daha həmin hesabat müəlliflərini əməkdaşlığa çağırırıq. Həqiqəti siyasi maraqlara qurban vermək olmaz!