Şəmkirdə “Gənclər arasında dini maarifçilik: ənənəvi dəyərlər və rəqəmsal platformalar” mövzusunda regional konfrans keçirilir
31 iyul 2026, 10:30

İyulun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şəmkir şəhərində “Gənclər arasında dini maarifçilik: ənənəvi dəyərlər və rəqəmsal platformalar” mövzusunda regional konfrans işinə başlayıb.

Tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin Şəmkir şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, “Azərbaycan – sülh və harmoniya məkanı” adlı videoçarx nümayiş etdirilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxışında cəmiyyət üçün əhəmiyyət daşıyan iki aktual məsələyə – ənənəvi dəyərlər və rəqəmsal platformaların təsirinə diqqət çəkib.

İcra başçısı bildirib ki, nəsildən-nəslə ötürülən milli-mənəvi dəyərlər xalqımızın, dövlətimizin birliyini təmin edən əsas amildir. Ağsaqqala, valideynlərə hörmət, eləcə də ehtiyacı olanlara dəstək, insani keyfiyyətlər cəmiyyətimizi qoruyan mənəvi sütunlar və milli kimliyimizi formalaşdıran xüsusiyyətlərdir. Hətta Sovet İttifaqı dövründə mərkəzi hakimiyyətin sərt nəzarətinə baxmayaraq, 1969-cu ildə Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində dilimizin, milli bayramlarımızın, tarixi şəxsiyyətlərimizin, kinomuzun inkişafı istiqamətində görülən işlər milli oyanışa zəmin yaratdı. Bu gün Ulu Öndərin siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən şaxələndirilmiş şəkildə davam etdirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr dini-tarixi abidələrimizin, mənəvi irsimizin böyük həssaslıqla qorunmasına xidmət edir.  

Rəqəmsallaşmanın cəmiyyətə təsirinə toxunan Rəşad Tağıyev bildirib ki, son 10 ildə sürətlə inkişaf edən rəqəmsal platformalar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu prosesin üstünlükləri ilə yanaşı, hər bir evə, fərdə təsir etmək imkanı var. Bu baxımdan, rəqəmsal dövrdə milli dəyərlərin qorunması, gənclərimiz, ziyalılarımız və dövlət qurumları ilə birgə maarifləndirmə işlərinin aparılması son dərəcə vacibdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov gənc nəslin milli-mənəvi dəyərlərə sadiq, sağlam dünyagörüşünə malik vətəndaş kimi formalaşdırılmasının dövlət siyasətinin prioritetlərindən biri olduğunu  bildirib. O qeyd edib ki, ənənəvi dini-mənəvi dəyərlərin qorunması ilə rəqəmsal texnologiyaların imkanlarının uzlaşdırılması milli təhlükəsizliyin və cəmiyyətin dayanıqlı inkişafının mühüm şərtidir.

Dövlət Komitəsinin sədri konfransın məhz Şəmkir rayonunda keçirilməsinin rəmzi məna daşıdığını vurğulayıb. Xatırladılıb ki, Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi, milli fikir tariximizin görkəmli siması Əhməd Cavad məhz bu torpağın yetişdirməsidir. Azərbaycanda dini maarifçilik hər zaman ənənələrlə bağlı olub, ictimai həmrəyliyin möhkəmlənməsinə, sağlam vətəndaş mövqeyinin formalaşmasına xidmət edib. Tarixi yaddaşını və mənəvi köklərini yaxşı bilən gənc yad düşüncələrin təsirinə qarşı daha dözümlü olur. Müasir dövrdə ölkələrin fiziki sərhədləri ilə yanaşı, informasiya, düşüncə və mənəviyyat sərhədlərinin də mövcud olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, əvvəllər gənclər dini bilikləri kitablardan, yaxud da mötəbər din xadimlərindən əldə etdiyi halda, bu gün rəqəmsal platformalar vasitəsilə minlərlə kilometr uzaqlıqda yerləşən yad ideoloji mərkəzlərin, radikal qrupların təsiri ilə qarşılaşırlar.

Ramin Məmmədov qeyd edib ki, sosial şəbəkələr çox vaxt emosional, sensasiyalı, aqressiv məzmunları önə çıxarır. Süni şəkildə populyarlaşan belə materiallar ilə elmi və dini həqiqət arasında bərabərlik işarəsi qoymaq qeyri-mümkündür. Buna görə də dini maarifçiliyin qarşısında duran əsas vəzifə gənclərdə rəqəmsal axın içində düzgün seçim etmək, mənbələrin etibarlılığını yoxlamaq bacarığını formalaşdırmaqdır.

R.Məmmədov bildirib ki, Azərbaycan insanı xalqına, torpağına, dövlətinə və bayrağına bağlılığı hər zaman mənəvi borc hesab edib və bu həqiqəti 44 günlük Vətən müharibəsi bütün dünyaya bir daha nümayiş etdirdi. Vurğulanıb ki, müxtəlif regionları, fərqli konfessiyaları təmsil edən gənclərimiz vahid amal – azərbaycançılıq məfkurəsi və üçrəngli bayrağımıza sədaqət ətrafında birləşiblər. Çıxışda rəqəmsal sərhədlərimizi, gənclərin təfəkkürünü ideoloji təhdidlərdən qorumağın ölkə torpaqlarının sərhədlərini qorumaq qədər mühüm olduğu vurğulanıb.

Tədbir işini “Dini maarifləndirmə işində müasir yanaşmalar və prioritetlər”, eləcə də “Gənclər, sosial media və milli-mənəvi dəyərlər” mövzuları üzrə panel müzakirələrlə davam etdirir.