Şəmkirdə "Dinlərarası münasibətlər və tolerantlıq" mövzusu müzakirə olunub
28 aprel 2022, 04:20

Aprelin 27-də Şəmkir rayon Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dinlərarası münasibətlər və tolerantlıq" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ruhid Hacıyev, müəllimlər, məktəb psixoloqları, din xadimləri və gənclər iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, xalqımızın minilliklər ərzində formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq, təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasındadır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin davamı olaraq Prezident İlham Əliyev tolerantlığı dövlət siyasəti səviyyəsinə qaldırıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu öz beynəlxalq fəaliyyəti, həyata keçirdiyi çoxsaylı layihələri ilə Azərbaycanın multikulturalizminin üstünlüklərini dünyada əyani şəkildə nümayiş etdirir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.