Sentyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz regional bölməsi və Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Ekstremizmin qarşısının alınmasında din xadimlərinin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin aparıcı məsləhətçisi Vüqar Əliyev, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ruhid Hacıyev, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Bildirilib ki, ekstremizm və radikalizm bu gün yalnız Azərbaycanda deyil, bütün dünyada təhlükəli meyil kimi dəyərləndirilir. Vurğulanıb ki, bu kimi təhdidlərin qarşısının alınmasında din xadimlərinin və dini icmaların üzərinə məsuliyyət düşür. Gələcəkdə də bu kimi görüşlərin mütəmadi keçirilməsinin vacibliyi qeyd edilərək, dini ekstremizmin qarşısının alınmasında cəmiyyətin bütün təbəqələrinin birgə səylərinin zəruri olduğu diqqətə çatdırılıb.