Şəmkir və Tovuzda maariflkəndirmə tədbirləri keçirilib
31 avqust 2026, 14:08

Avqustun 27-də Şəmikir rayon Gənclər Evin “Ənənə və hüquq baxımından erkən nikah” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Qüdrət Əliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı  Ruhid Hacıyev, din xadimləri və dini icma sədrləri iştirak ediblər. Çıxışlarda erkən nikahın mənfi təsirləri barədə ətraflı məlumat verilib. Erkən nikahların qarşısının alınmasında ailənin, cəmiyyətin və aidiyyəti qurumların üzərinə düşən vəzifələrdən bəhs olunub, bu istiqamətdə maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb.

Daha bir tədbir avqustun 28-də Tovuz rayonunda “Dini müxtəliflikdə sülh və birgəyaşayış mədəniyyəti” mövzusunda baş tutub. Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Qüdrət Əliyev, bölmənin əməkdaşı Pərvin Zeynalov, din xadimləri və dini icma sədrləri iştirak ediblər. Çıxışlarda dini müxtəlifliyin cəmiyyətdə qarşılıqlı hörmət, tolerantlıq, sülh və birgəyaşayış mühitinin formalaşmasında rolu barədə fikirlər səsləndirilib. Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri arasında mövcud olan qarşılıqlı hörmət və həmrəyliyin əhəmiyyəti diqqətə çatdırılıb.