Avqustun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz regional bölməsinin və Dövlət Sərhəd Xidmətinin Şəmkir rayonu ərazisindəki “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə “Azərbaycançılıq ideologiyası: multikultural cəmiyyətdə birlik və bərabərliyin təminatçısı” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin əməkdaşı Vüqar Əliyev, hərbi hissənin şəxsi heyətlə iş üzrə rəis müavini Tofik Yusifov, Şəmkir şəhər Cümə məscidinin imamı Elmar Rzayev və əsgərlər iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, azərbaycançılıq ideologiyası hər bir azərbaycanlının milli istinad və qürur mənbəyidir. Dövlətimizin həyata keçirdiyi iqtisadi, sosial, hüquqi və mədəni siyasətin səmərəli nəticələri bütövlükdə milli-mənəvi dəyərlərimizin inkişafına, qorunmasına, təbliğinə stimul və təkan verir. Azərbaycançılıq ideologiyasının sistemli şəkildə təbliği gəncliyin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da müstəsna əhəmiyyət kəsb edir.
Mövzu ətrafında çıxış edən natiqlər xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən ətraflı bəhs etməklə, ölkəmizdə əsası Ulu Öndər tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının formalaşmasının dövlətçiliyimizin və xalqımızın inkişafında mühüm rol oynadığını diqqətə çatdırıblar.
Sonda iştirakçıların sualları cavablandırılıb.