Şəkidə tələbənin ailəsi ziyarət olunub
05 iyun 2026, 09:02

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Qonağınız müəllimlərinizdir” layihəsi çərivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şəki rayonunda İnstitutun “Dinşünaslıq” ixtisasının IV kurs tələbəsi Amin Əlizadənin ailəsini ziyarət edib.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərin keyfiyyətli təhsil alması, potensiallarını reallaşdırması və peşəkar kadr kimi formalaşması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.

Tələbələrə göstərilən diqqət və dəstəyin ölkənin gələcəyinə qoyulan mühüm sərmayə olduğunu qeyd edən Komitə sədri milli-mənəvi dəyərlərə sadiq, savadlı və vətənpərvər gənclərin yetişdirilməsinin hər zaman xüsusi diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Bu baxımdan Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinin ölkədə sağlam dini düşüncənin formalaşdırılması və mənəvi dəyərlərin təbliği istiqamətində xüsusi rol oynadığını bildirib.

Söhbət zamanı Aİİ-də yaradılan təhsil mühiti, tələbələrə təqdim olunan imkanlar və həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, tələbələrin fərdi inkişafına yönələn təşəbbüslər onların nəzəri biliklərinin və praktiki bacarıqlarının formalaşmasına mühüm töhfə verir. Görüşdə, həmçinin Amin Əlizadənin təhsil həyatı, akademik fəaliyyəti, eləcə də gələcək hədəfləri ilə bağlı məsələlər müzakirə olunub.

Tələbənin ailə üzvləri göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edərək, təhsil və gənclərin inkişafına yönəlmiş təşəbbüslərin əhəmiyyətini vurğulayıblar. Onlar bu cür layihələrin tələbələrin təhsilə marağının artırılmasına və gələcək uğurlarının möhkəm təməllər üzərində qurulmasına töhfə verdiyini qeyd ediblər.

Qeyd edək ki, Amin Əlizadə Azərbaycan İlahiyyat İnstitutunun bakalavriat səviyyəsi üzrə təhsilini bu il yüksək akademik göstəricilərlə başa vurur.