Sentyabrın 24-də Şəki Tibb Kollecində “Dini fanatizm və radikalizmin cəmiyyətə, ailəyə və gənclərə təsiri” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin məsləhətçisi Minarə Məmmədhüseynova və kollecin tələbələri iştirak ediblər.
Dini radikalizmin cəmiyyət üçün yaratdığı təhlükələrdən bəhs edən natiqlər bildiriblər ki, belə ideologiyalar dini dəyərlərin mahiyyətindən uzaq interpretasiyalar əsasında formalaşır və bu cür yanaşmalar həm dini, həm də ictimai sabitliyə, cəmiyyətə və gənclərə ciddi təhdid yaradır. Çıxışlarda gənclər arasında dini maarifləndirmə tədbirlərinin əhəmiyyəti də vurğulanıb.
Sentyabrın 24-də Cəlilabad rayonunun Sərhədabad kənd tam orta məktəbində “Təhsildən yayınmanın mənəvi və sosial nəticələri” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsinin əməkdaşları Cavidan Rəşidov və Həsən Hümbətov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi Özal Kazımov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda təhsildən yayınmanın mənəvi və sosial nəticələri, radikal dini cərəyanların mahiyyəti və gənclərə təsir üsulları barədə məlumat verilib. Şagirdlərin zərərli ideoloji təsirlərdən və erkən nikahlardan qorunmasının, onların hüquq və mənafelərinin müdafiəsinin vacibliyi diqqətə çatdırılıb.
Tədbirlər iştirakçıların suallarının cavablandırılması və fikir mübadiləsi ilə yekunlaşıb.