Şəki İslam Kollecinin tələbələrinin iştirakı ilə tədbir keçirilib
10 iyun 2022, 02:37

İyunun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki  bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Şəki - Oğuz bölgəsi üzrə qazılığın birgə təşkilatçılığı ilə Mərkəzi Cümə məscidində “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəsübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK əməkdaşı Saleh Məmmədov, QMİ nümayəndəsi Kamran Məmmədov, Şəki İslam Kollecinin tələbələri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı dünyada baş verən etnik-dini münaqişələrin, dini radikalizm və ekstremizmin beynəlxalq sülh və təhlükəsizlik, həmçinin tolerantlıq üçün ciddi maneə olduğu qeyd edlib. Azərbaycanın bu sahədə uğurlu addımlar atdığı və nümunəviliyi ilə seçilən ölkələrdən olduğu, dövlət müstəqilliyimizin yenidən bərpasından sonra ölkəmizdə vicdan azadlığının önə çəkildiyi, multikultural və tolerantlıq ənənələrinin inkişaf etdiyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.