Səfir: "Qətər Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edilməsini yüksək qiymətləndirir"
22 fevral 2017, 04:40
“Qətər Dövləti 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edilməsini yüksək qiymətləndirir və biz Azərbaycanın İslam dünyası və irsinə bağlılığını göstərən İslam Həmrəyliyi Oyunlarına müvəffəqiyyətlə ev sahibliyi etməsini arzulayırıq”. Bu fikirləri Qətər Dövlətinin Azərbaycandakı səfiri Yusif bin Həsən əl-Sain bildirib.
Səfir qeyd edib ki, Azərbaycan Avropa və Asiya, eyni zamanda İslam və xristianlıq arasında körpü, enerji mənbəyi, strateji Cənubi Qafqaz regionunda əhəmiyyətli bir dəhliz rolunu oynayır: “Azərbaycan Şərq və Qərb arasında ticarət və enerji marşrutlarının kəsişdiyi regionda yerləşir”.
Qətərli diplomat onu da qeyd edib ki, iki ölkə rəhbərləri arasında olan dostluq münasibətləri qardaşlıq əlaqələri səviyyəsindədir və bu əlaqələr son zamanlarda yüksələn xətlə inkişaf edib. “İki ölkə arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın yaradılması haqqında sazişin imzalanması iqtisadi və investiya sahələrində əməkdaşlığın iki ökə arasında siyasi sahədə özəlliyi ilə seçilən əlaqələrin səviyyəsinə çatması üçün güclü əsas oldu”.