Səfir: “Azərbaycan İslam Həmrəyliyi İlində də İslami dəyərlərin təbliğinə öz töhfəsini verəcək
01 mart 2017, 01:24
“2016-cı il Azərbaycanda multikulturalizm ili elan edilmişdi, ölkəmiz müstəqil dövlət kimi regionda və dünyada multikulturalizm ənənələrinin inkişafına öz töhfəsini verməkdədir. Son illərdə Bakıda xeyli sayda beynəlxalq tədbir, o cümlədən Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumu və s. forumlar keçirilib”. Bunu Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə bu ölkənin nüfüzlü Global Affairs jurnalına müsahibəsində deyib.
O qeyd edib ki, 2016-cı ildə Bakıda həmçinin, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu təşkil edilib və tədbirin məqsədi sülhün möhkəmlənməsi, müxtəlif mədəni və dini kimliklərə malik insanların bir-birinə qarşılıqlı hörmət göstərməsini təşviq etmək olub.
Bütün qeyd olunan forumlarda Pakistan nümayəndələrinin də iştirak etdiyini vurğulayan səfir multikulturalizm sahəsindəki fəaliyyətdən bəhs edərkən Heydər Əliyev Fondunun layihələrinin də qeyd edilməsinin vacib olduğunu bildirib. Fondun müxtəlif ölkələrdə, o cümlədən Pakistan, Fransa, Rusiya, Macarıstan, İtaliya, Almaniyada həyata keçirdiyi sosial, humanitar və sağlamlıq layihələri Azərbaycanın mədəni müxtəliflik və universal dəyərlərə sadiqliyini nümayiş etdirməklə yanaşı, ölkəmizin mədəniyyətlərarası dialoqa və xalqlar arasındakı yaxınlaşmaya verdiyi töhfəni də göstərdiyini qeyd edib.
Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2017-ci ilin ölkədə İslam Həmrəyliyi İli elan edildiyini nəzərə çatdıran səfir, sərəncamın əsas məqsədinin İslam həmrəyliyində Azərbaycanın özünəməxsus rolunu gücləndirmək olduğunu bildirib. Səfir Azərbaycanın bu ildə də tolerantlıq və dialoqun inkişafına və dünyada İslami dəyərlərin təbliğinə öz töhfəsini verəcəyini qeyd edib.