Sentyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Şəkidə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans işə başlayıb.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Şəki şəhərindəki abidəsi ziyarət edilib, önünə gül dəstəsi düzülüb.
Tədbir Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhid olanların ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
DQİDK-nın sifarişi ilə çəkilmiş “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda videoçarxın nümayişindən sonra tədbiri giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov regional konfransın əhəmiyyətinə diqqət çəkərək bildirib ki, dövlət-din münasibətləri hər zaman prioritet sahə kimi ölkə rəhbərliyinin diqqət mərkəzində olmaqla yanaşı, həm də bu istiqamətə xüsusi qayğı göstərilir. Qeyd edib ki, ölkə ərazisində yerləşən dini abidələrin qorunması, bərpası və yenidən tikilərək inanc sahiblərinin ixtiyarına verilməsi, dövlət-din münasibətlərinin hüquqi cəhətdən tənzimlənməsi və digər sahələrdə görülən işlər – dini təhsilin keyfiyyət və kəmiyyətcə artırılması istiqamətində verilən qərarlar, sərəncamlar, dövlətin bu sahədə atdığı addımlar, keçirdiyi tədbirlər və qəbul etdiyi qərarlar yüksək qiymətə layiqdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev çıxışında hazırda qloballaşma prosesinin sürətləndiyi, xarici təsirlərin artdığı mürəkkəb beynəlxalq şəraitdə dinlərarası qarşılıqlı anlaşma, hörmət prinsiplərinin qorunub saxlanılması və dindən siyasi məqsədlər naminə istifadənin qarşısının alınması üçün sağlam dini maarifləndirmənin aparılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycan hökuməti radikallıq və ekstremizm meyillərinin qarşısının alınması istiqamətində səylərini daha da gücləndirir.
Eyni zamanda sədr müavini qeyd edib ki, müasir dövrdə dünyanın müxtəlif bölgələrində baş verən hadisələr mədəni müxtəlifliyi qəbul etməyən, digər din və mədəniyyətlərin nümayəndələrinin adət-ənələrinə, həyat tərzinə, əqidə və düşüncəsinə hörmətlə yanaşılmayan cəmiyyətlərdə davamlı sabitliyə və inkişafa nail olmağın qeyri-mümkün olduğunu göstərir. Bu səpkidə qarşıdurma və münaqişələrin baş verməməsi üçün insanlarda fərqli din mənsublarına hörmət xüsusiyyətləri gücləndirilməlidir. Bu ənənənin qorunması məqsədilə Azərbaycanda bir çox əhəmiyyətli tədbirlər həyata keçirilir.
Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev isə dini radikalizm və onun fəsadlarından, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı pozuculuq fəaliyyətlərinin qarşısının alınmasına yönələn tədbirlərdən danışıb.
YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev, Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov dövlətin dinə və dindarlara qayğısından bəhs edib, bu cür konfransların keçirilməsinin zəruriliyini diqqətə çatdırıblar.
Regional konfrans sentyabrın 14-də öz işini davam etdirəcək.