Samuxda və Ucarda maarifləndirmə tədbirləri keçirilib
15 mart 2023, 04:13

Martın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi, Samux Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Zazalı kənd tam orta məktəbdə “Dini radikalizmlə mübarizədə gənclərin rolu" mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Rayon Polis Şöbəsinin rəis müavini Arzu Məmmədov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Emin Şəmmədov, eləcə də məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Daha bir maarifləndirmə tədbiri Ucar rayonunda baş tutub. “Dini radikalizmlə mübarizədə təhsilin rolu” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar rayon Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov, rayon Gənclər Evinin rəhbəri Elamin Dibirov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda dini radikalizmin mahiyyəti, yarada biləcəyi təhlükələrdən bəhs olunub. Bu istiqamətdə təhsilin və maarifləndirmənin əhəmiyyəti vurğulanıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.