İnsan hüquqları aylığı çərçivəsində mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi, Ombudsman Aparatının Gəncə Regional Mərkəzi və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Samux rayon N.Gəncəvi adına Sərkar kənd tam orta məktəbində “Dini radikalizm, erkən nikah və digər zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Ombudsman Aparatının Gəncə regional mərkəzinin rəhbəri Səbuhi Abbasov, Samux Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova, N.Gəncəvi adına Sərkar kənd tam orta məktəbin müdiri Afaq Mövlayeva və şagirdlər iştirak ediblər.
Dövlət Komitəsinin əməkdaşı Rövşən Hacıyev çıxışında dini radikalizm və ekstremizm haqqında geniş məlumat verib. Bildirib ki, təhsil cəmiyyətin davamlı inkişafına mane olan amillərin aradan qaldırılmasında, o cümlədən dini radikalizm və ekstremizmə qarşı mübarizədə əsas amildir.
Daha sonra çıxış edənlər erkən nikahın fəsadlarından, zərərli vərdişlərdən, narkomaniyanın, siqaretin, spirtli və energetik içkilərin zərərlərindən söhbət açıblar. Bildirilib ki, məhz təhsil vasitəsilə insan milli və bəşəri dəyərləri mənimsəyir, cəmiyyətin inkişaf xüsusiyyətlərini öyrənə bilir, özünü dərk edərək həqiqəti anlamağa, cəmiyyətə fayda verməyin məsuliyyətini hiss etməyə başlayır.