Şamaxıda “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik məqamı” mövzusunda tədbir keçirilib
28 oktyabr 2024, 06:44

Oktyabrın 28-də Şamaxı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi, Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazılığının birgə təşkilatçılığı ilə “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik məqamı” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin müdiri vəzifəsini icra edən Elnur Mehdiyev, Şamaxı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşad Əliyev, Qobustan RİH-nin əməkdaşı Vasif Zamanov, Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Rəfail Tağızadə, QMİ-nin bölgə qazısı Mərəhmət Mustafayev, Şamaxı RİH yanında İctimai Şuranın sədri Eybalı Ağayev, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Şamaxı rayon bölməsinin sədri Ağarza Bayramov, şəhid ailələrinin üzvləri, din xadimləri, dini icma sədrləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində Şamaxı şəhərində yerləşən Şəhidlər xiyabanı ziyarət edilib və şəhidlərimizin ruhuna dualar oxunub.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra DQİDK-nın təşəbbüsü ilə ərsəyə gələn "Həmişə bizimləsiniz!" adlı videoçarx nümayiş etdirilib.

Çıxışlarda bildirilib ki, 44 günlük Vətən müharibəsində Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaq üçün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və ordumuzun ətrafında bir yumruq kimi birləşərək, düşmən üzərində qələbə qazandı. Qeyd edilib ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində aparılan antiterror əməliyyatları nəticəsində isə ölkəmizin suverenliyi tam olaraq bərpa edildi. Diqqətə çatdırılıb ki, xalqımız respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizi  heç zaman unutmayacaqdır.

Tədbir müzakirələr ilə yekunlaşıb.