Şamaxıda "Ulu Öndər və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib
29 noyabr 2023, 02:30

Noyabrın 28-də Şamaxıda "Ulu Öndər və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Bəxtiyar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri Elnur Mehdiyev, QMİ-nin bölgə qazısı Mərəhmət Mustafayev, Şamaxı və Qobustan rayon icra hakimiyyətlərinin nümayəndələri Rəşad Əliyev, Aftandil Şikarov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, din xadimləri, şəhid ailələrinin üzvləri, eləcə də ziyalılar iştirak ediblər.   

Çıxışlarda bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – Azərbaycançılığın təşəkkül və inkişafında müstəsna rol oynayıb. Vurğulanıb ki, məhz Ümummilli Liderin əsasını qoyduğu uğurlu siyasət nəticəsində dövlət-din münasibətlərində həssas nəzarətlə bərabər, ölkədə etiqad azadlığı üçün şərait yaradıldı, dini dəyərlərə, ibadət yerlərinə  xüsusi qayğı göstərilməyə başlanıldı. Müstəqil dövlətin ilk milli Konstitusiyasında dini etiqad azadlığı, vicdan azadlığı tam şəkildə təmin edildi, dünyəvilik prinsipi dövlət-din modelinin əsası kimi müəyyənləşdi.

Tədbir müzakirələrlə davam edib.