Avqustun 25-də Şamaxı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə üzrə qazılığının birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Mədəniyyətlərarası dialoq: Sülhün və anlaşmanın təməli” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin müdiri Elnur Mehdiyev, bölmənin əməkdaşları, QMİ-nin bölgə qazısı Mərəhmət Mustafayev, eləcə də Şamaxı və Qobustan rayonlarında fəaliyyət göstərən din xadimləri və dini icmaların nümayəndələri iştirak ediblər.
Çıxışlarda mədəniyyətlərarası və dinlərarası dialoqun cəmiyyətdə sülh, qarşılıqlı hörmət və anlaşmanın təmin olunmasındakı əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, müxtəlif dinlərə və mədəniyyətlərə mənsub insanların bir-birinə hörmətlə yanaşması cəmiyyətdə sabitliyin və həmrəyliyin qorunmasının əsas şərtlərindən biridir. Azərbaycanda tarixən formalaşmış tolerantlıq və multikulturalizm ənənələrinin qorunmasının, bu dəyərlərin xüsusilə gənc nəsil arasında təbliğinin vacibliyi vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.