Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
Şamaxıda “Multikulturalizm və məzhəblərarası tolerantlıq” mövzusunda tədbir keçirilib
28 aprel 2016, 17:23
Aprelin 28-də Şamaxı şəhər “Cümə” məscidi mərkəz dini icmasının “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” layihəsi çərçivəsində “Multikulturalizm və məzhəblər arası tolerantlıq” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, QMİ-nin səlahiyyətli nümayəndəsi, Şamaxı şəhər “Cümə” məscidinin imamı Mərəhmət Mustafayev, dini icmanın sədri Akif Hüseynov, dini icma üzvləri, Şamaxı şəhər Avropa Liseyinin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər. Çıxışlar zamanı ölkə başçısı İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi qeyd edilərək son dövrlər bu sahədə görülən işlərdən bəhs edilib. Eyni zamanda çıxış edən natiqlər Azərbaycanın tolerantlıq və multikulturalizm modellərinin dünyaya uğurla təqdim edilməsini, məzhəblərarası tolerantlığın həyat tərzinə çevrildiyi ölkəmizdə müxtəlif inancların qarşılıqlı hörmət şəraitində yaşamasının tarixi ənənələrin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olmasını tədbir iştirakçılarının nəzərinə çatdırıblar.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.