İyunun 24-də Şamaxı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi, Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şamaxı bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə “Milli-mənəvi həmrəyliyin və dəyərlərimizin təşviqi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nin Dağlıq Şirvan regional bölməsinin müdiri Elnur Mehdiyev, Şamaxı RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rəşad Əliyev, QMİ-nin bölgə qazısı Mərəhmət Mustafayev, Şamaxı və Qobustan rayonlarında fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda Azərbaycan xalqının əsrlərlə formalaşmış zəngin adət-ənənələrinin, dini-mədəni irsinin qorunmasının hər bir vətəndaşın borcu olduğu qeyd edilib. Bildirilib ki, Azərbaycanda dini və milli dəyərlərin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Diqqətə çatdırılıb ki, dini-mənəvi həmrəylik milli birliyin qorunmasında mühüm rol oynayır və bu, xüsusilə suverenliyin möhkəmləndirilməsi baxımından vacibdir.