Mayın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmə, zərərli vərdişlərə və erkən nikaha yox deyirik!” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev, Şamaxı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rəşad Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mərəhmət Mustafayev, filialın direktoru Tünzalə Yusifova, eləcə də universitetin müəllimləri və fəal tələbələri iştirak ediblər.
Çıxışlar zamanı zərərli vərdişlər, erkən nikah və dini radikalizmə qarşı mübarizənin hər zaman diqqət mərkəzində olduğu, bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirildiyi dinləyicilərin diqqətinə çatdırılıb. Bildirilib ki, bunlar cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdır, belə hallara qarşı mübarizədə hər kəsin üzərinə böyük vəzifə və məsuliyyət düşür.
Seminar diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.