Fevralın 24-də Salyan şəhər A.Pənah adına 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseydə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi, Salyan rayon Gənclər və İdman İdarəsi (Gİİ) və Salyan rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Səftər Rəhimov, Salyan rayon Gİİ-nin rəis müavini Aqşin Qasımov, Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Aytən Hacıyeva, psixoloq Xanım Bəşirova, məktəbin təlim-tərbiyə işləri üzrə müdir müavini Mirzeynəb Miriyeva, təhsil işçiləri və məktəb şagirdləri iştirak ediblər.
Tədbir Vətənimizin suverenliyi, bütövlüyü və azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlar zamanı bildirilib ki, son 20 il ərzində Azərbaycanda təhsil sahəsində ciddi nailiyyətlər əldə edilib. Bu nailiyyətlər müvafiq sahədə həyata keçirilən çoxsaylı layihələr, dövlətin bu sahəyə yönəltdiyi diqqət nəticəsində mümkün olub. Artıq bu bir faktdır ki, ölkənin bu istiqamətdə əldə edilən uğurları, gənclərin yüksək biliyə yiyələnmə göstəriciləri ildən-ilə artmaqdadır. Artıq təkcə paytaxtda deyil, respublikaının ən ucqar dağ rayonlarında müasir standartlara cavab verən məktəblər fəaliyyət göstərir. Lakin bunlara baxmayaraq, erkən nikahların, müxtəlif xoşagəlməz hadisələrin qızların təhsildən yayınmasına səbəb olduğu qeyd edilib. Bütün bunların qarşısını almaq üçün kəndlərdə qızların təhsilə cəlb olunması istiqamətində işlər aparıldığı və bu kimi maarifləndirici tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.