Mayın 19-da Salyan rayonu M.Dadaşov adına Kürqarqaşlı kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi, Salyan rayon İcra Hakimiyyəti (RİH), Təhsil Şöbəsi (RTŞ), Gənclər və İdman idarəsinin (Gİİ) birgə təşkilatçılığı ilə “İdeoloji təhlükəsizlik-sağlam gələcək” mövzusunda tədbir keçirilib.
Tədbir Vətənimizin suverenliyi, bütövlüyü və azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Səftər Rəhimov, Salyan RİH başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və onların hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşı Sevinc Səmədova, Salyan RTŞ-nin metodist-psixoloqu Şölə Abışova, Salyan rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, Salyan rayon Gİİ-nin əməkdaşı Əlişir Əliyev, məktəbin direktoru, eləcə məktəblilər iştirak ediblər.
Çıxışlar zamanı mövzunun önəmindən bəhs olunub. Qeyd edilib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd gənclərimizi dünyada baş verən eləcə də, dini mühitdə cərəyan edən tendensiyalar və proseslər barədə məlumatlandırmaqdır. Azərbaycanda dövlətçiliyin möhkəmləndirildiyi, vahid milli dövlət ideologiyasının inkişaf etdirildiyi, ölkəmizin ərazi bütövlüyü və milli-ideoloji təhlükəsizliyinin qorunduğu bir şəraitdə cəmiyyətin əxlaqi-ideoloji vəhdətinin vacibliyi ön plana çəkilməlidir. Milli təhlükəsizliyimizin əsasında da gənclərimizin vətənpərvər ruhda böyüdülməsi, onlarda milli kimliyin aşılanması dayanır. O da vurğulanıb ki, xalqımızın sağlam gələcəyə sahib olmağı üçün uşaqlar və gəncləri yad ideoloji təsirlərdən qorumaq zəruridir.
Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.