Şabranda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş konfrans keçirilib
13 sentyabr 2023, 06:02

Sentyabrın 13-də Şabranda  “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü: dini etiqad azadlığı hüququ, tolerantlıq və Azərbaycançılıq” mövzusunda konfrans keçirilib. Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Şimal regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Şabran Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əhmədov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Cavanşir Əfəndiyev,  ziyalılar, gənclər, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Öncə Ulu Öndər Heydər Əliyev və Vətən torpaqlarının azad ediməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxışlar zamanı bildirilib ki, Heydər Əliyevin adı dünyanın ən parlaq, nüfuzlu və fenomen şəxsiyyətlərinin adları ilə yanaşı çəkilir. Qeyd edilib ki, Ulu Öndər ən böyük multikultural və tolerantlıq nümunəsi göstərərək dövlətimizin başlıca prioritetlərini müəyyənləşdirib. Bildirilib ki, Ümummilli Lider tərəfindən əsası qoyulan dövlət-din münasibətləri, dini etiqad azadlığının qorunması sahəsində atılan mühüm addımlar bu gün öz müsbət bəhrəsini verir. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Konfransda DQİDK-nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) tərəfindən təqdim edilən “Heydər Əliyev və Azərbaycançılıq” filmi nümayiş etdirilib, DQİDK və MDTF tərəfindən çap edilmiş kitabların sərgisi təşkil edilib.