Şabranda gənclər üçün maarifləndirmə tədbiri keçirilib
06 avqust 2026, 10:29

Avqustun 5-də Şabran şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun  birgə təşkilatçılığı ilə “Gənclərin sosial mediada təhlükəsizliyi: dini radikalizmə qarşı təbliğat” mövzusunda tədbir təşkil olunub.

Tədbirdə Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Elxan Əsgərov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Elmir Şəfiyev, Şabran şəhər “Heydər Əliyev” mərkəzinin direktoru Təvəkgül Əliyev, rayonun aktiv gəncləri və yeniyetmələr iştirak edib.

Çıxışlarda gənclərin radikal ideologiyalardan uzaq durmasının, sağlam düşüncə tərzinin formalaşdırılmasının və milli-mənəvi dəyərlərə sadiq gəncliyin yetişdirilməsinin əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, gənclərin sosial mediada təhlükəsizliyi, xüsusilə dini radikalizm və ekstremizm təbliğatına qarşı mübarizə prioritet məsələlərdən biridir. Sosial şəbəkələr gəncləri hədəf alan ideoloji təhdidlərin əsas mənbəyinə çevrildiyindən, həm hüquqi tənzimləmələr, həm də maarifləndirmə tədbirləri vacibdir. Eyni zamanda, yeniyetmə və gənclərin milli-mənəvi dəyərlərə bağlılıq ruhunda yetişdirilməsinin, sağlam dini düşüncənin formalaşdırılmasının və sosial mediada məsuliyyətli istifadənin vacibliyi vurğulanıb.

Tədbirin sonunda gənclərin sualları cavablandırılıb.