Şabranda dini radikalizm mövzusu müzakirə edilib
13 yanvar 2025, 01:41

Yanvarın 10-da Şabran rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi, Şabran Rayon İcra Hakimiyyəti və İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və ekstremizmin mahiyyəti, təhlükələri – hüquqi aspektlər” mövzusunda tədbir təşkil olunub.

Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin müdir müavini Elnur Ağasiyev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əhmədov, Qafqaz Müsəlmanları İdarəsinin Şabran və Siyəzən rayonları üzrə qazısı Cavanşir Əfəndiyev, gənclər, ziyalılar, ağsaqqallar, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı dini radikalizm anlayışı, dini ekstremizmin yaranmasının səbəbləri və onun fəsadları haqqında məlumat verilib. Bildirilib ki, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq xalqımızın min illərlə formalaşdırdığı mənəvi dəyərlər üzərində bərqərar olub və birliyimizdə, həmrəyliyimizdə, qarşılıqlı anlaşmada mühüm rol oynayır.