Şabran və Saatlıda “Heydər Əliyev İli”nə həsr olunmuş maarifləndirmə tədbirləri keçirilib
08 fevral 2023, 08:12

Fevralın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Şabran Rayon İcra Hakimiyyəti (RİH) və İnsan hüquqları üzrə Müvəkkilin Şimal regional Mərkəzinin  birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev irsinin təbliğində dini icmaların rolu” adlı tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan hüquqları üzrə Müvəkkilin Şimal regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Şabran RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Vasif Əhmədov, Şabran rayonunda fəaliyyət göstərən dini icmaların fəal üzvləri iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin mühafizəsinə, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin qorunması və zənginləşməsinə nail olub. Eyni zamanda Ulu Öndər gənclərimizin xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə edilmələrini tövsiyə edirdi. Tədbirdə o da bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər və milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşdırıb.

Tədbirdə DQİDK-nın sifarişi ilə ekranlaşdırılmış “Vətən naminə” filmi nümayiş etdirilib, dini icma üzvlərinin mövzu ilə bağlı fikirləri dinlənilib.   

 

***

 

Fevralın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Saatlı rayonu “Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Saatlı rayonu M. Əliyeva adına Əlisoltanlı tam orta məktəbində “Heydər Əliyev İli” ilə əlaqədar maarifləndirici  tədbir keçirilib.

Keçirilən  tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı  rayon “Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşı Anar Səfərxanlı, məktəbin müəllimləri  və şagirdlər  iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycanda Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasətindən, gənc nəslin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edilməsi məqsədilə görülən işlərdən bəhs olunub.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.