İyulun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Sabirabad rayonu üzrə nümayəndəliyi və Sabirabad Rayon İcra Hakimiyyətinin (RIH) birgə təşkilatçılığı ilə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövsuzunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Cəfərsadiq Cəfərli, Elvin İbrahimov, QMİ-nin səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxış edən natiqlər ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını qeyd ediblər. Multikulturalizmin xalqımızın həyat tərzini təşkil etdiyini vurğulayıblar.
Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.