Martın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Sabirabad Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin aparıcı məsləhətçisi Cəfərsadiq Cəfərli, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Əliabbas Həsənov, QMİ-nin səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, gənclərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasında onların mənəvi dünyagörüşlərinin inkişaf etdirilməsi olduqca vacibdir. Gənclərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyi və milli-mənəvi dəyərlərimizə uyğun vətənpərvərlik ruhunda tərbiyə edilmələrinin zəruriliyi qeyd edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.