Sabirabad və İmişlidə Qurban bayramına həsr olunmuş tədbirlər keçirilib
04 iyun 2025, 09:41

İyunun 2-si və 3-də Qurban bayramı münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsinin təşəbbüsü ilə İmişli və Sabirabad rayonlarında tədbirlər keçirilib.

İyunun 2-də İmişli rayonunda “Qurban bayramı: sosial həmrəylik, maddi və mənəvi dəstək” mövzusunda təşkil edilən görüşdə DQİDK-nın Mil-Muğan regional bölməsinin müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov, İmişli şəhər “Cümə” məscidinin imamı Rasəf Rüstəmov, yerli din xadimləri və dini icma nümayəndələri iştirak ediblər.

İyunun 3-də isə Sabirabad rayonunda “Qurban bayramı və dini həmrəylik: İslamın yardımlaşmağa verdiyi dəyər” mövzusunda tədbir baş tutub. Tədbir DQİDK-nın Mil-Muğan regional bölməsi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Sabirabad rayonu üzrə nümayəndəliyi və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin aparıcı məsləhətçisi Cəfərsadiq Cəfərli, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, din xadimləri və dini icma rəhbərləri iştirak ediblər.

Tədbirlərdə çıxış edənlər Qurban bayramının İslam dinində mərhəmət, həmrəylik və mənəvi saflaşma rəmzi olduğunu bildiriblər. Vurğulanıb ki, bu bayram həm də Azərbaycan xalqının minilliklər boyu yaşatdığı milli-mənəvi dəyərlərlə sıx bağlıdır. Qurban bayramı ölkəmizdə hər il yüksək əhval-ruhiyyə ilə qeyd edilir, bu gün yardımlaşma və insanpərvərlik ənənələrinin təcəssümünə çevrilib. Həmçinin, Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunmasına və dini bayramların dövlət səviyyəsində keçirilməsinə verdiyi xüsusi önəmi diqqətə çatdırıblar. Qeyd olunub ki, müstəqilliyin bərpasından sonra dini bayramlar, o cümlədən Qurban bayramı Azərbaycanda böyük təntənə ilə qeyd olunur.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.