Saatlıda "Multikulturalizm və dini dözümlülük" mövzusunda maarifləndirici tədbir keçirilib
02 iyun 2016, 08:00
İyunun 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  Saatlı rayonu Heydər Əliyev Mərkəzində "Multikulturalizm və dini dözümlülük mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə  Saatlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Lütvəli Şıxalıyev, şöbənin əməkdaşı Elşən Əzizov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  İmişli bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin İbrahimov, Saatlı  Rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Qiyasov, ictimaiyyət nümayəndələri, ziyalılar və   gənclər  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Saatlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Lütvəli Şıxalıyev Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 2016-cı ili məhz "Multikulturalizm ili" elan etməsini Azərbaycandakı tolerant mühit və multikultural ənənəyə hörmətin yüksək olması ilə əlaqədar  olduğunu  söyləyərək ölkəmizdə multikultural mühitin dərin tarixi köklərə malik olduğunu bildirib. O qeyd edib ki, ölkəmizdə zəngin multikultural və onun tərkib hissəsi olan tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Daha sonra  əməkdar müəllim Oqtay Məmmədov tədbirdə  çıxış edərək  qeyd edib ki,  Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra din sahəsində gərginliyin aradan qaldırılması, dini vəziyyətin yaxşılaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində mühüm tədbirlərin görüldüyünü, Prezident İlham Əliyev tərəfindən bu siyasətin indi də uğurla davam etdirildiyini söyləyib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən "Fitnə” sənədli filmi nümayiş olunub.