Aprelin 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Saatlı rayonu Dəllər kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, dini icmanın sədri Namiq Zeynalov və icmanın üzvləri, kənd ağsaqqalları, ziyalılar iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycanın tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət, həmrəylik və dözümlülük şəraitində yaşadığı, müxtəlif mədəniyyətlərin həm coğrafi, həm də mədəni baxımdan qovuşduğu unikal bir məkan olduğu qeyd edilib. Daha sonra çıxış edənlər ölkəmizdə yaşayan müxtəlif dinlərin və xalqların nümayəndələri arasında həmrəylik, sülh və vəhdətin hökm sürdüyünü, xalqımızın zəngin milli-mənəvi dəyərlər sistemində humanizm və sülhsevərliyin əsas yer tutduğunu qeyd ediblər.
Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.