Saatlıda maarifləndirmə tədbiri keçirilib
26 oktyabr 2022, 06:55

Oktyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Rayon Gənclər və İdman İdarəsi, Saatlı rayonu "Gənclər Evi" sosial xidmət müəssisəsi və Saatlı şəhər V.Əsgərov adına 4 saylı tam orta məktəbin birgə təşkilatçlığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqlarının qorunması: erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda  tədbir keçirilib.  

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Əmrah Əhmədov, Saatlı “Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşı Anar Səfərxanlı və Saatlı  şəhər V.Əsgərov adına 4 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. 

Çıxışlar zamanı 20 oktyabr - 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edildiyi, aylığın keçirilməsində məqsədin uşaqlara diqqətin artırılması olduğu qeyd edilib. Eyni zamanda erkən nikahın azyaşlıların təhsildən yayınmasına səbəb olduğu, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsinin onların təhsilinə, bir fərd kimi inkişafına, psixologiyasına mənfi təsir göstərdiyi və bunun qarşısını almaq üçün maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.