Saatlıda maarifləndirmə tədbiri keçirilib
01 mart 2022, 08:11

Martın 1-də Saatlı rayonunda “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Mehriban Ağayeva, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, Saatlı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Telman Ağayev, Saatlı Peşə Liseyinin müəllimləri, şagirdləri, eləcə də ictimiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda gənclərin radikal və ekstremist cərəyanların təsirinə düşməməsi üçün maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyindən bəhs olunub. O da qeyd edilib ki, mürəkkəb geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, respublikamız nəinki regionun, hətta dünyanın ən sabit ölkələrindən biridir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar qardaşlıq, dostluq və qarşılıqlı hörmət şəraitində yaşayırlar.

Bəşəriyyəti narahat edən məsələlərdən olan dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodları barədə də ətraflı məlumat verilib.