Bölgələrdə müxtəlif mövzulara həsr olunmuş maarifləndirmə tədbirləri keçirilib.
Aprelin 14-də Qusar rayonunun Quxuroba kənd tam orta məktəbində “Sağlam ailə münasibətləri: qarşılıqlı anlayış və hörmət” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, Qusar Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, “Mustafa Kazdal” məscidinin dini ayinlərinin icraçısı Vadir Mustafayev, müəllimlər və məktəblilər iştirak ediblər. Çıxışlarda ailənin cəmiyyətin əsas sütunu olduğu vurğulanaraq, sağlam münasibətlərin formalaşmasında valideyn məsuliyyətinin və düzgün tərbiyənin rolundan bəhs olunub. Məktəb və ailə əməkdaşlığının şagirdlərin sağlam inkişafında mühüm əhəmiyyət daşıdığı qeyd edilib.
*** *** ***
Daha bir tədbir aprelin 14-də İsmayıllı şəhərində Eldar Məmmədov adına 3 nömrəli məktəb-liseydə “Dini fanatizm və radikalizmin cəmiyyətə, ailəyə və gənclərə təsiri” mövzusunda keçirilib. Tədbirdə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin müdiri Elnur Mehdiyev, regional bölmənin əməkdaşları, Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nəsimi Teymurov, Dövlət Təhlükəsizliyi Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşı Elmar Rəşidli, Rayon Polis Şöbəsinin əməkdaşı Rahim Orucov, müəllim və şagirdlər iştirak ediblər. Çıxışlar zamanı dini fanatizm və radikalizmin cəmiyyətin sabitliyinə ciddi təhdid yaratdığı, insanlar arasında ayrı-seçkilik və qarşıdurma mühiti formalaşdırdığı qeyd edilib. Bu cür zərərli ideologiyaların dinin mahiyyətinə zidd olaraq onu yanlış şəkildə təqdim etdiyi və sosial harmoniyanı pozduğu bildirilib. Natiqlər ailə institutunun bu məsələdə xüsusi rolunu önə çəkərək bildiriblər ki, sağlam ailə mühiti, düzgün tərbiyə və valideyn nəzarəti gənclərin zərərli təsirlərdən qorunmasında əsas amillərdəndir.