Respublikamızda Məhərrəm ayı ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilir
02 avqust 2022, 07:57

Respublikamızda Məhərrəm ayı ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi, QMİ-nin Goranboy rayonu və Naftalan şəhəri üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Goranboyda keçirilən tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, QMİ-nin səlahiyyətli nümayəndəsi Anar Orucov, Goranboy Rayon İcra Hakimiyyəti və hüquq mühafizə orqanlarının məsul əməkdaşları, eləcə də din xadimləri, dini icma sədrləri iştirak ediblər.

Quba şəhəri "Ərdəbil" məscidində baş tutan tədbirdə isə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev,  QubaXaçmazŞabran və Siyəzən rayonlarının icra hakimiyyətlərinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinləri QMİ-nin bölgə üzrə qazısı, səlahiyyətli nümayəndələr və imamlar iştirak ediblər. 

Şamaxı şəhər "Cümə" məscidində keçirilən tədbirdə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev, QMİ-nin bölgə qazısı Mərəhməd Mustafayev, ŞamaxıQobustanın din xadimləri iştirak ediblər. DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov və din xadimlərinin iştirakı ilə İsmayıllı rayonunda da tədbir keçirilib. 

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin misilsiz xidmətləri sayəsində milli-mənəvi, o cümlədən dini dəyərlərimizin qorunması istiqamətində böyük uğurlar əldə olunub. Dövlət başçımızın diqqət və qayğısı sayəsində xalqımızın əsrlərin sınağından çıxan milli adət-ənənələrinin yaşadılması üçün bütün lazımi şərait yaradılıb. Vurğulanıb ki, məhz həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, ölkəmizdə dövlət-din münasibətləri beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənir.

Çıxışlarda o cümlədən Məhərrəmlik mərasimlərində hər kəsə QMİ-nin Qazılar Şurasının müvafiq fətvasının tələblərinə ciddi riayət etmək tövsiyə edilib.