Dekabrın 15-də Azərbaycan Milli QHT Forumu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə “Rəqəmsal mühit və mənəvi dəyərlər: İnformasiya təzyiqlərinə qarşı sağlam yanaşma” mövzusunda ictimai müzakirə keçirilib.
Tədbirin moderatoru AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Din və ictimai fikir” şöbəsinin müdiri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev, o cümlədən digər çıxışçılar - İctimai Şuranın sədr müavini Səadət Məmmədova, şura üzvləri İlham Məmmədzadə, Könül Bünyadzadə, Tural Əhmədov, Rizvan Hüseynov, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Kövsər Tağızadə və Azərbaycan Milli QHT Forumunun Nəzarət-Təftiş Komissiyasının sədri Fariz Əkbərov rəqəmsal savadlılığın artırılmasının və dövlət–vətəndaş cəmiyyəti əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıblar.
İctimai müzakirə zamanı rəqəmsal mühitdə zərərli və destruktiv ideyaların yayılması ilə bağlı risklər də müzakirə edilib. Bu kontekstdə gənclər üçün müsbət rol modellərin tanıdılması, ailə və məktəbin mənəvi dəyərlərin qorunmasında rolu, gənclərin psixoloji həssas dövrləri, saxta dini ekspertlərin və manipulyativ təbliğatın tanınması, informasiyanın mənbəyinin yoxlanılması və manipulyasiyaya qarşı müqavimətin gücləndirilməsi kimi məsələlər önə çəkilib.
İnteraktiv formatda keçirilən görüşdə iştirak edən Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Diplomatik Akademiyası və Bakı Slavyan Universitetinin tələbələri sosial şəbəkələrdə qarşılaşdıqları dezinformasiya və saxta xəbərlər, psixoloji manipulyasiya, mənəvi dəyərlərə zidd məzmun və sairə problemlərdən, eləcə də bu cür hallarla mübarizədə üçün təkliflər irəli sürüblər.
Tədbirin yekununda qeyd olunub ki, qloballaşma şəraitində milli-mənəvi dəyərlərin qorunması və düzgün təbliği üçün dövlət qurumları, media və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti rəqəmsal mühitdə sağlam və təhlükəsiz informasiya mühitinin formalaşmasına mühüm töhfə verir.