“Uşaq hüquqları aylığı” çərçivəsində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və digər müvafiq qurumlar tərəfindən ölkənin müxtəlif bölgələrində silsilə tədbirlər təşkil olunub.
Oktyabrın 24-də Ağstafa şəhər Cümə məscidində “Cəmiyyətin və dini icmaların uşaq hüquqlarının müdafiəsində iştirakı” mövzusunda tədbir keçirilib. Tədbirdə Komitənin Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, bölmənin əməkdaşları, din xadimləri və dini icma rəhbərləri iştirak ediblər.
Oktyabrın 22-də Yevlax şəhəri M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbində “Erkən nikah və onun uşaq hüquqlarına təsiri” mövzusunda tədbir təşkil olunub. Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Valeh Rəşidov, Rayon Təhsil Sektorunun məsləhətçisi Ümidvar Məmmədov, YAP Yevlax rayon təşkilatının əməkdaşı Fərid Hacıbəyli, müəllim və şagirdlər iştirak ediblər.
Oktyabrın 22-də isə Lənkəran Mədəniyyət Mərkəzində “Erkən nikah və onun uşaq hüquqlarına təsiri” mövzusunda tədbir baş tutub. Tədbirə DQİDK-nın Lənkəran regional bölməsinin əməkdaşları Emin Həmidli və Səyyad Babakişiyev, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev, eləcə də dini icma sədrləri, din xadimləri və mədəniyyət işçiləri qatılıblar.
Çıxışlarda qeyd olunub ki, uşaq hüquqlarının müdafiəsi cəmiyyətin əsas prioritet istiqamətlərindən biridir. Erkən nikah hallarının qarşısının alınması, uşaqların təhsildən yayınmaması, sağlam mühitdə formalaşması və gələcəkdə cəmiyyətin layiqli üzvünə çevrilməsi istiqamətində dövlət qurumları, dini icmalar və ictimaiyyətin üzərinə mühüm vəzifələr düşür. Bu istiqamətdə birgə fəaliyyətin vacibliyi vurğulanıb.