Regionlarda maarifləndirmə tədbirləri keçirilib
23 oktyabr 2023, 08:40

Respublikamızın bölgələrində dini maarifləndirmə tədbirləri keçirilib.

 

Lənkəran: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Lənkəranda yerləşən “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda tədbir baş tutub. Tədbirdə bölgə şöbəsinin müdiri Qağayı Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Qəni Axundzadə, hərbi hissənin rəhbərliyi və şəxsi heyəti iştirak edib.

***

Göyçay:  rayonun N. İsmayılov adına Bığır kənd 3 saylı tam orta məktəbində keçirilən tədbirdə isə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Əzim Rəfiyev, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Müqalib Abdıyev, İcra Hakimiyyətinin əməkdaşı Samir Xəlilov, rayon Təhsil Sektorunun müdiri Rauf Məmmədov, müəllimlər və şagirdlər iştirak ediblər.

***

Goranboy: rayonda "Gəncliyimizi və gələcəyimizi narkomaniyadan qoruyaq” mövzusu müzakirə olunub. Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, Rayon Gənclər və İdman Sektorunun əməkdaşları, din xadimləri, eləcə də gənclər iştirak ediblər.

***

Sumqayıt: şəhər 3 saylı peşə məktəbində “Gəncləri zərərli vərdişlərdən qoruyaq” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri Yalçın Abdullayev, Şəhər Baş Polis İdarəsinin, Abşeron - Xızı Regional Gənclər və İdman idarəsinin əməkdaşları, müəllimlər və məktəblilər iştirak ediblər.

***

Gədəbəy: rayonun peşə liseyində “Uşaq hüquqlarının qorunması, erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusu müzakirə edilib. Tədbir DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Cavid Səfərov, rayon Gənclər və İdman sektorunun müdiri Röyal İsmayılov, müəllimlərin və şagirdlərin iştirrakı ilə baş tutub.

 

Çıxışlar zamanı mövzuların əhəmiyyəti vurğulanıb. Dinin siyasiləşdirilməsi, dindən istifadə cəhdləri, dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri barədə məlumat verilib. Bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər radikal dini təsirlərdən və yad dini ideologiyalardan qorunmanın vacibliyini qeyd edərək xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.