Regionlarda erkən nikah məsələsinə dair maarifləndirmə tədbirləri keçirilib
05 mart 2026, 09:43

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) regional bölmələri və müvafiq yerli qurumların birgə təşkilatçılığı ilə erkən nikah məsələsinə dair maarifləndirmə tədbirləri keçirilib.

Martın 4-də Beyləqan rayonu Qaralılar kənd tam orta ümumtəhsil məktəbində “Ailə dəyərləri və erkən nikahın sosial nəticələri” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin məsləhətçisi Bəhrəm Abbaslı, Beyləqan rayonu Qaralılar kənd məscidinin dini icma sədri və imamı Səbuhi İbadov, müəllim və şagirdlər iştirak ediblər.

Martın 3-də Qusar rayonu Çubuqlu kənd orta məktəbində “Gələcək üçün seçim: təhsil, yoxsa erkən nikah?” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, “Mustafa Kazdal” məscidinin dini ayinlərinin icraçısı Vadir Mustafayev, müəllimlər və şagirdlər qatılıblar.

Martın 3-də Zaqatala rayonu Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbində “Gələcək üçün seçim: təhsil, yoxsa erkən nikah?” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şəki-Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Çıxışlarda erkən nikahın səbəbləri, nəticələri və yaratdığı fəsadlardan bəhs edilib. Gələcək ailələrin sağlam təməllər üzərində qurulmasında gənclərin böyük rolunun olduğu, erkən nikahların daha çox bilgisizlikdən və cəhalətdən irəli gəldiyi qeyd edilib. O da diqqətə çatdırılıb ki, dövlət qurumları tərəfindən erkən nikahların qarşısının alınması istiqamətində maarifləndirici tədbirlər keçirilir. Bu tədbirlərdə erkən nikahın fiziki, psixoloji və sosial zərərləri, eləcə də qanunvericilikdəki məsuliyyət barədə məlumatlar verilir.

Tədbir müzakirələrlə davam etdirilib.