Regionlarda Dövlət Müstəqilliyi Günü münasibətilə silsilə tədbirlər həyata keçirilib
16 oktyabr 2025, 17:44

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) regional bölmələri rayon (şəhər) icra hakimiyyətləri (İH) və digər yerli qurumlarla birgə 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə silsilə tədbirlər həyata keçiriblər.

Şəki şəhəri:
Oktyabrın 16-da Şəki şəhəri 20 saylı tam orta məktəbdə “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin aparıcı məsləhətçisi Saleh Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Kamran Məmmədov, müəllimlər və şagirdlər iştirak ediblər.

Gəncə şəhəri:
Oktyabrın 16-da Gəncə şəhərində də Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir baş tutub. Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və şəhərin aktiv gəncləri iştirak ediblər.

Zaqatala rayonu:
Şəmsəddin İsayev adına Muxax kənd 2 nömrəli tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.

İmişli rayonu:
Oktyabrın 16-da  İmişlidə keçirilən tədbirə DQİDK-nın Mil-Muğan regional bölməsinin məsləhətçisi Bəhrəm Abbaslı, Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Ramin Fərəcov, ictimiayyət nümayəndələri və gənclər iştirak ediblər.

Çıxış edən natiqlər 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününün əhəmiyyətindən bəhs edərək bildiriblər ki, 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası xalqımızın tarixində dönüş nöqtəsi olub. Qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər müstəqilliyimizi daha da gücləndirib və xalqla dövlətin birliyini bütün dünyaya nümayiş etdirib. Çıxışlarda gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının, dövlətçilik ənənələrinə sədaqətlə yetişməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, Azərbaycanın gələcəyi bugünkü gənclərin əlindədir və onların vətənpərvər ruhda yetişməsi ölkəmizin davamlı inkişafının əsas təminatıdır.