Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 28-də Mədəniyyətlərarası Dialoq üzrə VII Ümumdünya Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Pakistanın Dini İşlər və Dinlərarası Harmoniya naziri Sardar Muhammad Yusuf ilə görüşüb.
Görüşdə Azərbaycan və Pakistan arasında tarixi, mədəni, mənəvi sferada formalaşmış dəyərlərə, həmçinin xalqlarımızın əsrlərlə davam etdirdiyi qarşılıqlı etimad üzərində qurulan dostluq münasibətləri müzakirə olunub. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasi kurs nəticəsində Azərbaycan və Pakistan arasında əlaqələr strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinə əsaslanır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, möhkəm təməllər üzərinə qurulan, ölkə rəhbərlərinin siyasi iradəsi, ardıcıl səyləri nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyan dövlətlərarası əlaqələr müttəfiqlik səviyyəsinə yüksələrək tamamilə yeni məzmun qazanıb. Azərbaycan ilə Pakistan arasında münasibətlərin digər sahələrdə olduğu kimi, dini sahədə də uğurla inkişaf etdiyini deyən Komitə sədri bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Pakistanın dini işlər və dinlərarası harmoniya naziri Sardar Muhammad Yusuf bildirib ki, qloballaşma, miqrasiya prosesləri və dinin siyasiləşdirilməsi fonunda dövlətlə din arasında balanslaşdırılmış səmərəli əməkdaşlıq mühitinin formalaşdırılması baxımdan Azərbaycanın təcrübəsi xüsusi maraq doğurur. Ölkəmizdə dünyəvi dövlət prinsiplərinə sadiq qalmaqla bütün dini konfessiyalara bərabər, qərəzsiz və ədalətli yanaşmanın diqqət çəkdiyini vurğulayan nazir əlaqələrin inkişaf etdirilməsindən məmnunluğunu ifadə edib.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə yekunlaşıb.