İyunun 24-də Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin təşkilatçılığı ilə “Radikal dini cərəyanlar və ifrat məzhəbçilik” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin müdir müavini Elnur Ağasıyev, QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov, eləcə də hərbçilər iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm anlayışı, ifrat məzhəbçilik, dini radikalizmin, ekstremizmin yaranmasının səbəbləri və onun ağır fəsadları barədə məlumat verilib. Bildirilib ki, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq xalqımızın min illərlə formalaşdırdığı mənəvi dəyərlər üzərində bərqərar olub və birliyimizdə, həmrəyliyimizdə, qarşılıqlı anlaşmada mühüm rol oynayır.