Qusarda tolerantlıq və multikulturalizm mövzusunda tədbir keçirilib
14 noyabr 2025, 17:17

Noyabrın 14-də Qusar rayonunun Həsənqala kənd tam orta məktəbində “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsində önəmi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir 16 noyabr – Beynəlxalq Tolerantlıq Günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi, Qusar Rayon İcra Hakimiyyəti və Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional İdarəsinin Qusar rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Qusar Rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamran Sədullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, Həsənqala kənd tam orta məktəbinin direktoru Şöhran Həcəliyev, eləcə də gənclər iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycan xalqına məxsus əsrlər boyu formalaşmış tolerantlıq ənənələrindən, müxtəlif xalqların və dinlərin nümayəndələri arasında mövcud olan dostluq, qarşılıqlı hörmət mühitindən bəhs olunub. Natiqlər dövlət tərəfindən həyata keçirilən multikulturalizm siyasətinin bu dəyərlərin qorunmasında və milli həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıblar.

Qeyd edilib ki, tolerantlıq və multikulturalizm prinsiplərinin məktəblilər arasında təbliği gələcək nəsillərin sülhsevər, anlayışlı və birgəyaşayış dəyərlərinə sadiq şəkildə formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbirin sonunda iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıblar.