Ünvan: Qusar rayonu Hil kəndi
Hil kənd məscidinin tikintisinə kənd camaatının ianələri ilə 1908-ci ildə başlanılıb. Bünövrəsində çay daşlarından, qalan hissələrində isə çiy kərpicdən istifadə olunub. İnteryeri müxtəlif ornamentlərlə bəzədilib. Damı dəmir təbəqə ilə örtülüb. Günbəzdən başqa, məscidin künclərində dörd dəmir minarə qoyulub. Onların hər birinin hündürlüyü 4 metrdir. 1912-ci ildə dindarların istifadəsinə verilib. Məscidin daxilində 300 nəfər birlikdə namaz qıla bilər, ikinci mərtəbədə qadınların ibadət etməsi üçün geniş otaq var.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
2013-cü ildə məscid qəzalı vəziyyətə düşüb. 2019-cu ildə məsciddə əsaslı bərpa işləri həyata keçirilib. Məscidin çöl divarları suvanıb, qapı və pəncərələri və dam örtüyü yenilənib.