Qurban bayramı ilə əlaqədar bölgələrdə tədbirlər keçirilir
07 iyul 2022, 06:26

Qurban bayramı ilə əlaqədar bölgələrdə tədbirlər keçirilir. İyulun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ağdaş rayonunda "Qurban bayramı xalqımızın milli-mənəvi dəyərlərinə bağlılıq, mərhəmət və birlik rəmzidir” mövzusu müzakirə olunub. Tədbirdə DQİDK-nın Yevlax  bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Ağdaş Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Səbuhi Musayev, Ağdaş şəhər dindarları məscidi dini icmasının sədri Vasib Əhmədov və ictimaiyyət nümayəndələri iştirak edib.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsi, Sabirabad Rayon İcra Hakimiyyəti və QMİ-nin Sabirabad rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qurban bayramı müsəlmanların mənəvi birlik və həmrəylik rəmzidir” mövzusunda Sabirabadda keçirilən tədbirdə isə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Cəfərsadiq Cəfərli, Elvin İbrahimov, Sabirabad  RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Əliabbas Həsənov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Dövlət Komitəsinin (DQİDK) Şəki  bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Oğuz rayonunda “Qurban bayramında dinlərarası münasibətlər: qardaşlıq, birlik və tolerantlıq” mövzusunda keçirilən konfransda DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin  məsləhətçisi  Samir Salehov, Oğuz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Emin Əzimli, rayon Gənclər və idman idarəsinin rəisi Ramiz Mahmudov, Rayon Təhsil Sektorunun baş məsləhətçisi Nəsimi Adıyev, şəhər Cümə məscidinin imamı Şövkət Cəlilov, həmçinin, Oğuz şəhər alban-udi xristian, yəhudi dini icmalarının rəhbərləri və ziyalılar iştirak ediblər.

Zərdab rayonunda da Qurban bayramı ilə əlaqədar “Qurban bayramı: tarix, ənənə və müasirlik” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, rayon Mədəniyyət Mərkəzinin direktoru müavini Elçin Soltanov, mədəniyyət mərkəzinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Çıxışlarda qeyd olunub ki, Qurban bayramı Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə bağlılıq, mərhəmət və birlik rəmzidir. Vurğulanıb ki, İslam aləminin xeyirxahlıq, mənəvi həmrəylik rəmzi olan bu bayram hər il ölkəmizdə də böyük ruh yüksəkliyi ilə qeyd edilir. Natiqlər İslam dəyərlərinin, xalqımızın min illər boyu formalaşdırdığı milli-mənəvi dəyərlərin ayrılmaz bir parçası olduğunu bildiriblər.