Qubadlı və Qax məktəblərində dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub
29 fevral 2024, 08:15

Orta ümumtəhsil məktəblərində dini radikalizmlə mübarizə mövzusuna həsr olunmuş tədbirlər keçirilib.

Fevralın 29-da Qax rayon Şotavar kənd tam orta məktəbində “Yeniyetmə və gəncləri dini radikalizmdən qoruyaq” mövzusu müzakirə olunub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, rayon Gənclər və idman sektorunun müdiri Elvin Həsilov, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər. 

***

Fevralın 29-da Sumqayıt şəhərində yerləşən Qubadlı şəhər 2 nömrəli tam orta məktəbində “Dini fanatizm, radikalizim və ekstremizmin mahiyyəti və fəsadları’’ mövzusunda tədbir keçirilib. Tədbirə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev, Qubadlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Elşən Qəhrəmanov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlarda bu gün dünyanı narahat edən dini radikalizmdən və onun fəsadlarından ətraflı danışılıb. Vurğulanıb ki, yeniyetmə və gənclərin dini radikalizm və ekstremizm təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilmələri günün ümdə vəzifələrindəndir. Eyni zamanda radikalizmə və ekstremizmə qarşı mübarizədə maarifçiliyin əsas silah olduğu diqqətə çatdırılıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.