Qubadlı məktəbində maarifləndirmə tədbiri keçirilib
17 fevral 2022, 08:19

Fevralın 17-də Qubadlı Rayon İcra Hakimiyyəti, Qubadlı Rayon Gənclər  və İdman İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Sumqayıt ərazisində yerləşən qaçqın şəhərciyindəki Qubadlı rayon Hal kənd tam orta məktəbində “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji  təsir üsulları”  mövzusunda tədbir keçirilib.

Tədbirdə Qubadlı rayon Hal kənd tam orta məktəbinin direktoru Şahbaz Muradov, Rayon  Gənclər və İdman  İdarəsinin rəisi Natiq Abbasov, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları  Ülvi Məmmədov  və  Xalid Paşayev  iştirak ediblər.

Çıxış edən natiqlər dini radikalizm və ekstremzmin mahiyyəti barədə geniş məlumat veriblər. Bu cür tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb. Natiqlər, eyni zamanda, ölkəmizdə formalaşmış dövlət-din münasibətlərinin dünyaya nümunə olduğunu da bildiriblər.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, DQİDK-nın sifarişi ilə çap edilən dini maarifləndirici ədəbiyyatlar iştirakçılara paylanılıb.