Qubada “Xocalı soyqırımı - bəşər tarixinin dəhşətli faciəsi” mövzusunda dəyirmi masa keçirilib
26 fevral 2025, 07:35

Fevralın 26-da Quba şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsi, Quba Rayon İcra Hakimiyyəti, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin Quba və Qusar rayonları üzrə qazılığının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü münasibəti ilə “Xocalı soyqırımı – bəşər tarixinin dəhşətli faciəsi” mövzusunda dəyirmi masa keçirilib.

 Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdir müavini Elnur Ağasiyev, Quba Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Qafqaz Müsəlmanları İdarəsinin Quba və Qusar rayonları üzrə qazısı Naib Səttarov, rayonun din xadimləri və dini icma sədrləri iştirak edib.

Çıxışlarda XX əsrin əvvəllərində ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların davamı olan Xocalı soyqırımın Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli hadisə, bəşəriyyətə qarşı yönəlmiş mənfur cinayət olduğu bildirilərək qeyd olunub ki, Xocalı soyqırımına ilk hüquqi-siyasi qiyməti Ümummilli Lider Heydər Əliyev verib. Ulu Öndər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Bu gün dünyanın bir çox ölkələrində erməni millətçilərinin törətdikləri bu qırğın soyqırımı aktı kimi tanınır. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bu qanlı hadisəyə obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Bildirilib ki, 2020-ci il xalqımızın başına gətirilən faciələrin qisasının alındığı il oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 gündə parlaq Qələbəyə imza atdı, ərazi bütövlüyümüz təmin olundu. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizləndi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində üçrəngli bayrağımızı ucaltdı.