Qubada “İslam həmrəylik və bərabərlik dinidir” layihəsi çərçivəsində tədbir keçirilib
14 mart 2017, 07:47
Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Quba rayonu Xucbala kənd məscidi dini icması martın 14-də “İslam həmrəylik, bərabərlik dinidir” layihəsi çərçivəsində “Azərbaycan multikulturalizm modeli” mövzusunda tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Xucbala kənd tam orta məktəbin direktoru Zülfiyyə Umudova, Xucbala kənd məscidi dini icmasının sədri Həmdulla Vəliyev, gənclər və kənd ictimaiyyəti iştirak ediblər.
Xucbala kənd tam orta məktəbin direktoru Zülfiyyə Umudova tədbiri açıq elan edərək bu cür maarifləndirmə tədbirlərinin gənclər arasında keçirilməsinin əhəmiyyətindən danışıb.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev bildirib ki, Azərbaycan mədəniyyətinin əsasını müxtəliflik təmsil edir. Belə ki, burada təkcə bir xalq və yaxud bir dinə sitayiş edən insanlar toplumu deyil, müxtəlif dilə və dinə mənsub bir çox xalqlar və etnoslar əsrlərboyu birgə yaşayıblar. O vurğulayıb ki, bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi daxili və xarici siyasətin fonunda tolerant və multikultural dəyərlərə hörmət prinsiplərinin qorunması sülhün və əmin amanlığın təminatında böyük rol oynayır.
Xucbala kənd məscidi dini icmasının sədri Həmdulla Vəliyev mövzu ilə bağlı çıxış edərək qeyd edib ki, dövlət tərəfindən dini icmalara ayrılmış maliyyə yardımı ilk növbədə əhalinin dini sahədə düzgün maarifləndirilməsinə kömək edir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və Dövlət Komitəsinin dəstəyi ilə çap edilən maarifləndirici ədəbiyyat gənclərə hədiyyə edilib.