Qubada “Dünyəvi dövlətdə dinin yeri və rolu” mövzusunda ikigünlük konfrans öz işini davam etdirib
28 oktyabr 2022, 07:23

Oktyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Quba rayonunda keçirilən “Dünyəvi dövlətdə dinin yeri və rolu” mövzusunda ikigünlük konfrans davam edib.

Konfransda DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, ziyalılar, gənclər və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini A.Məmmədov rayondakı dini durum, rayon gənclərinin dinə münasibəti barədə ətraflı məlumat verərək gənclərlə bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətinə diqqət çəkib.

Konfransda geniş məruzə ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, gənclərin biliklərə yönəlməsi, mütaliə etməsi, din haqqında doğru və etibarlı mənbələrdən məlumat alması onların radikal dini qruplaşmalara qarşı diqqətli olmalarının qarantıdır. Daha sonra Azərbaycandakı mövcud dövlət-din münasibətləri haqqında məlumat verən S.Salahlı bildirib ki, ölkəmiz dünyada müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu unikal məkan kimi tanınır. Azərbaycan qanunvericiliyinə əsasən hər kəsin vicdan azadlığı, o cümlədən dini azadlıqları ən yüksək səviyyədə qorunur.

Sonda gənclərin  sualları cavablandırılıb.